Şəhid ailələri ilə səmimi görüş keçirilib


Fevralın 16-da  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Ağbulaq İstirahət Mərkəzində şəhid ailələri ilə görüşüb. Səmimi görüşdə ilk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, bu gün dövlət dəstəyi ilə yanaşı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda canından keçən şəhid ailə üzvlərini daim diqqətdə saxlayır, onların qayğısına qalır.
AHİK sədrinin müavini vurğulayıb ki, Şura tərəfindən həyata keçirilən layihələrdə şəhid ailələrinin iştiraklarının təmin olunması istiqamətində bundan sonra da işlər davam etdiriləcək.
Sonra “Naxçıvan şəhid ailələri” İctimai birliyinin sədr müavini Əsəd Ələkbərov çıxış edərək, Ağbulaq İstirahət Mərkəzində şəhid ailə üzvləri üçün yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Daha sonra şəhid atası Səməd Vəlizadə bu cür layihələri həyata keçirdikəri və daim şəhid ailələrinin yanında olduqları üçün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına minnətdarlığını bildirib. 
Qeyd edək ki, 15-16 Fevral tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi və “Naxçıvan şəhid ailələri” İctimai birliyinin təşkilatçılığı ilə daha növbəti bir qrup şəhid ailələri Ağbulaq İstirahət Mərkəzində olub. Ümumilikdə isə 140 nəfər şəhid ailəsi üzvü Şuranın bu dəstəyindən yararlanıb.