Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Mərkəzi Asiya və Azərbaycanda sosial sabitliyin və layiqli əməyin təmin edilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda regional forum keçirilib. Forumda Beynəlxalq Əmək Təşkilatının (BƏT), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), eləcə də Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva, BƏT və BHİK nümayəndələri, həmçinin iştirakçı ölkələrin həmkarlar ittifaqı təmsilçiləri çıxış edərək layiqli əmək şəraitinin təmin olunması və işçilərin hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolundan bəhs ediblər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Leyla Fəthi çıxışında rəqəmsallaşma və əmək münasibətlərindəki dəyişikliklər fonunda işçilərin əmək hüquqlarının qorunmasının, təhlükəsiz əmək şəraiti və sosial dialoqun gücləndirilməsinin əhəmiyyətini qeyd edib, bu baxımdan beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin önəmini vurğulayıb. Forumda həmkarlar ittifaqlarının qarşılaşdığı müasir çağırışlar, qabaqcıl təcrübələrin tətbiqi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.


