Culfa rayonunda şəhid ailələri ziyarət olunub


Fevralın 24-də Culfa rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

Vətən müharbəsi şəhidi Rzalı Daşqın Elşad oğlu, sentyabr döyüşlərində şəhid olan Hüseynli Rəşad Ramiz oğlu və Tərtər istiqamətində şəhid olmuş Məmmədov Sənan Hidayət oğlunun ailələri ziyarət edilib. Söhbət zamanı şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından bəhs olunub. Onların əziz xatirəsi yad edilib. 

Qeyd edək ki, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib, 2020-ci ilin 21 oktyabr tarixində Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Hüseynli Rəşad Ramiz oğlu 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin başlatdığı geniş miqyaslı təxribat zamanı Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid Məmmədov Sənan Hidayət oğlu isə 2018-ci ildə Tərtər istiqamətində döyüş qaydalarının kobud şəkildə pozulması nəticəsində şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!