Öncə qeyd edim ki, Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, təqaüdçülərin, təhsil alan şəxslərin əmək, sosial-iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Azərbaycanda həmkarlar ittifaqlarının yaradılması prosesi 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində neft sənayesinin inkişaf etdiyi bir vaxta təsadüf edir. Azərbaycanda 1905-ci il oktyabrın 17-də konka (at dəmir yolu) işçiləri həmkarlar ittifaqı təşkilatı yaratdılar. Artıq 1906-cı ilin sonunda Bakıda mövcud olan 20-dən çox həmkarlar ittifaqının üzvlərinin sayı 12 min nəfəri ötmüşdü. Qafqazdakı həmkarlar ittifaqının 75 faizi Bakıda cəmlənmişdi. Yəni, həmkarlar ittifaqlarının Azərbaycan təcrübəsi əslində 20-ci əsrin əvvəllərindən var. Azərbaycan müstəqillik əldə etdikdən sonra, Ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı ilə həmkarlar ittifaqlarının fəaliyyəti daha da genişləndi, maddi-texniki bazası möhkəmləndi. Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, dövlət qulluğu və digər fəaliyyət istiqamətlərini əhatə edən çoxsaylı həmkarlar ittifaqları komitələri və federasiyaları daxildir. Bir mənalı şəkildə demək olar ki, həmkarlar ittifaqları hər bir sahədə bizim yanımızdadır. Həmkarlar İttifaqları bu gün ölkəmizin bütün bölgələrində fəaliyyət göstərir. Son dövrlərdə isə Naxçıvanda Həmkarlar İttifaqları Şurasının fəaliyyətini daha geniş şəkildə hiss edirik. Bəllidir ki, Naxçıvan bu gün iqtisadi və sosial islahatların mərkəzinə çevrilib. Naxçıvanda bütün sahələrdə iqtisadi artımların, dürüstləşdirmənin, şəffaflığın və xüsusi layihələrin icrasının şahidi oluruq. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da bu islahatlardan pay alıb, fəaliyyət istiqamətlərini genişləndirib. Hətta son dövrlərdə müxtəlif sosial şəbəkələrdə, informasiya agentliklərində Şura tərəfindən həyata keçirilən geniş tədbirləri, vətəndaş qəbullarını, müxtəlif yardım kompaniyalarını, şəhid ailələrinə və qazilərə dəstəyi görə bilirik. Sosial şəbəkələrdə izləyicilər tərəfindən tez-tez yazılan bir şərh var: "Əməkhaqqımızdan pul tutan Həmkarlar İttifaqları Naxçıvanda nə iş görür" ? Artıq Naxçıvanda Həmkarlar İttifaqları Şurasının gördüyü işlər əslində göz qabağındadır. Şura tez-tez ehtiyacı olan vətəndaşlara maddi və sovqat yardımlar göstərir, həssas təbəqələrdən olan insanların qayğıları ilə maraqlanır, onların müalicə xərclərini öz üzərinə götürür, aztəminatlı ailələrə dəstək göstərir, şəhid ailələri və qazilərlə tez-tez görüşüb, onların problemləri ilə maraqlanır, şura üzvlərinin istirahətini, sanatoriyalara göndərişlərini təşkil edir və bir çox əhəmiyyətli işlər görür. Hər həftənin cümə günləri Şuranın sədri Qəzənfər Abdullayevin qəbul günləri keçirilir. Şəhid ailələri və qazilər üçün qəbul günləri yoxdur, onlar istənilən vaxt Şurada qəbula yazıla bilərlər. Vətəndaşların problemləri ilə, onların ittifaq tərəfindən hüquqlarının müdafiəsi ilə birbaşa qurumda birinci şəxsin özü maraqlanır. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası həm də muxtar respublikada iqtisadi və turizm sahəsinin inkişafında da müəyyən dəstəklər göstərir. Belə ki, Ağbulaq İstirahət Mərkəzi, Ağbulaqda yerləşən Xizək Mərkəzi, Culfa rayon Darıdağ Arsenli Su Müalicə Mərkəzi MMC və Darıdağda yerləşən 5 ulduzlu Darıdağ sanatoriyası Şuranın balansına keçirilib. Təbii ki, bu təsisatlar muxtar respublika üçün əhəmiyyətli turizm və istirahət mərkəzləridir. İl ərzində bu turizm obyektlərində müxtəlif ölkələrdən gələn yüzlərlə xarici qonaq istirahət edir. Bütün bunlar isə Şuranın üzərinə götürdüyü necə deyərlər bir məsuliyyətdir. Düşünürəm ki, bu məsuliyyətin öhdəsindən isə layiqincə gəlinir. Bu təsisatların hər birində yenilənmə, təmir-bərpa işləri aparılıb, yerli və xarici qonaqların istirahəti üçün xüsusi şərait yaradılıb. Bu da Həmkarlar İttifaqlarının Azərbaycan təcrübəsidir ki, bu cür təsisatları öz üzərinə götürür, yeniliklər edir, həmin obyektlərin isə dövlətdən asılılığı azalır. Daha müsbət yöndə inkişafa başlayır. Həmkarlar İttifaqları Şurası muxtar respublikada son dövrlərdə əhəmiyyətli və maraqlı tədbirlər də təşkil edib. Bu tədbirlərin də hər birində aztəminatlı ailələrə müəyyən sovqatlar verilib, şagirdlər üçün məktəbli ləvazimatları təqdim olunub və.s. Bu gün Şuranın media ilə əlaqələri də yaxşılaşıb. Hətta Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının veb-saytının da yenilənməsi bu istiqamətdə əlçatanlığı asanlaşdırıb. Bir sözlə deyə bilərik ki, sizin daim yanınızda bir qurum var. O sizi dinləyir, eşidir, dəstək olur. Mətin Kamal Jurnalist