Culfa rayonunda şəhid ailələri ziyarət olunub


Aprelin 22-də Culfa rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Vətən müharbəsi şəhidləri Hafiz Cavanşir oğlu Qasımov və Babayev Şamil Baloğlan oğlunun ailələrini ziyarət ediblər. Söhbət zamanı şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından bəhs olunub. Onların əziz xatirəsi yad edilib. 

Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Hafiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hafiz Qasımov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid leytenant Hafiz Qasımov Culfa rayonunda dəfn olunub.

Qəhrəman zabit, şəhid Babayev Şamil Baloğlan oğlu isə Füzuli, Hadrut və Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 5-i Şuşa uğrunda döyüşlər başlayanda Azərbaycan ordusunu bölmələri müxtəlif qruplara bölünərək şəhərə fərqli istiqamətlərdən hücuma keçiblər. Noyabrın 7-də döyüş zamanı minamyotdan açılan atəş nəticəsində kapitan Babayev bir neçə yerdən yaralanıb. Lakin aldığı yaralar ona Şuşanın azad edilməyini görməyə imkan verməyib, Şamil şəhidlik zirvəsinə ucalıb və doğulub boya-başa çatdığı Camaldın kəndində dəfn edilib.