Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev, AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, ASK-nın sədri Məmməd Musayev, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.

S.Babayev son illər ölkəmizdə aparılan sosial islahatları, habelə əməkhaqqı islahatlarını qeyd edib. O, əmək qanunvericiliyinə edilmiş, o cümlədən qadınların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edən son dəyişiklikləri diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2023-cü il 23 may tarixli Fərmanına əsasən Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılmaqda olan Əməyin Mühafizəsi Mərkəzinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində idarəetmənin təkmilləşməsinə xidmət edəcəyi, bu Mərkəzin işçi və işəgötürənlər üçün verəcəyi faydalar qeyd olunub.

Sosial islahatlar, həmçinin əmək və sosial müdafiə üzrə qanunvericiliyin  təkmilləşdirilməsi prosesində, Beynəlxalq Əmək Təşkilatı Konvensiyalarının, eləcə də son illər “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyanın ratifikasiyasında AHİK və ASK ilə sosial tərəfdaşlıqda, Üçtərəfli Komissiya platformasında görülən birgə işlərin əhəmiyyəti vurğulanıb.