Havası duz-səması duz, Duzdağ Müalicə Mərkəzi


O elə bir dünyadır ki,
Havası duz, səması duz,
Hər yanı duz.
Sərvəti də elə duzdur,
Şöhrəti də elə duzdur.
 
Bu misralar dünya sağlamlıq turizminə öz qapılarını açan qədim Nuh yurdunun Yeraltı Duz Mağarasına aiddir. Mağara demək kifayət deyil, əslində Naxçıvanın yeraltı duz səltənətidir.
Bu günlərdə “Duzdağ Müalicə Mərkəzi”Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına keçdi.
Duzdağ Müalicə Mərkəzinə yeni həyat, yeni nəfəs gəlir.
Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən və dünyanın möcüzəsi sayılan Duzdağ Müalicə Mərkəzi Naxçıvan şəhərindən 14 km, 5 ulduzlu “Duzdağ” otelindən isə iki kilometr məsafədə yerləşir.
Mərkəzin yeraltı hissəsi girişdən 350 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Hər küncündə minilliklərin izlərini daşıyan Duzdağ tarixlə bəzədilmiş Naxçıvanın rəmzi hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb”.
Əfsanəvi qəhrəmanlığını qoynunda gizlədən, keçmişə söykənən, lakin heç vaxt qocalmayan Nuhun diyarında yer altında gizlənən bu mineral misilsiz dəyərə malikdir. Necə deyərlər min bir dərdin dərmanıdır.
Mərkəzdə ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 30-40 faiz arasında dəyişir. Bu mağaranın duzu ilə nəfəs almaq bir çox xəstəliklərə, bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinitə xeyirlidir. Hazırda mərkəzdə xəstələr üçün 474 çarpayı mövcuddur.
Sağlamlıqlarına qovuşmaq istəyən xəstələrin Mərkəzdə qalma müddəti fərqlidir. Belə ki, 10 yaşına qədər uşaqlar günorta 4-5 saat olmaqla 7-14 günə kimi qalır, 12 yaşından yuxarılar isə axşamı burada gecələyirlər.
Müalicə Mərkəzi həm də turizm potensialının inkişafında aparıcı rol oynayır. Hər il xarici qonaqların dili ilə desək bu yeraltı krallığı ən azı 4-5 min insan ziyarət etməklə yanaşı, müalicələrlə də şəfa tapır. Divarları duz qayaları ilə örtülü olan bu sağlamlıq ocağı təkcə yerli insanları deyil həm də dünyanın bir çox ölkələrindən gələn xarici turistlərə də xidmət göstərir.
Dünyanın bir neçə ölkəsində duz mədənləri vardır. Qədim diyarın dünyaca məşhur möcüzəvi məkanı olan Duzdağ Müalicə Mərkəzini digər şaxtalardan fərqləndirən əsas üstünlüklər horizontal yerləşməsi, havalandırmanın təbii olması, rütubət və temperaturun daim sabit qalması, mikrob cisimciklərin və allergenlərin yox dərəcəsində olmağıdır.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən təbii müalicə mərkəzi kimi dünyada şöhrət qazanmış Duzdağ Müalicə Mərkəzində müalicə turizminin daha da inkişafı üçün hərtərəfli şərait yaradılır.
Duzdağın möcüzəvi duz müalicəsi təbiətin bizə bəxş etdiyi ən gözəl dərmandır. Mağarada sadəcə gəzmək belə sağlamlığınız üçün faydalı ola bilər.
Həm istirahətinizə rəng qatmaq həm də sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsəyolunuzu mütləq Duzdağ Müalicə Mərkəzindən salın. 
Yenilikləri ilə Mərkəz sizin yolunuzu gözləyir!