




Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev və Tikinti Memarlıq Kommunal və İctimai Xidmət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Şahin Qulamov Kəngərli rayonunun Xok kəndindən olan şəhid Cəfərov Ülvi Habil oğlunun ailəsini ziyarət ediblər. Görüş zamanı şəhid atası oğlunun keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Bildirib ki, Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən Ülvi Cəfərov 31 oktyabrda - Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Həmçinin ziyarət zamanı şəhidin xatirə guşəsi ilə də tanışlıq olub. Sonda şəhid atası Habil Cəfərova “8 Noyabr-Zəfər Günü” ilə bağlı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Fəxri fərmanı təqdim edilib.