Dekabrın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində “Naxçıvan Qaziləri” İctimai Birliyində qazilərlə görüşüb.


Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirak edib.

Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən və igid oğullarımızın qəhrəmanlıqlarından danışıb. O vurğulayıb ki, illər keçsə də, xalqımız şəhidlərimizi sevgi və qürurla yad edəcək, onların əziz xatirəsini heç vaxt unutmayacaqdır.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov çıxışında dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib. O, AHİK sədrinin qazilərlə görüşünü qürurverici hadisə kimi qiymətləndirib.

Daha sonra nümayəndə heyəti “Naxçıvan Qaziləri” İctimai Birliyində şəhidlərin qəhrəmanlıq yolunu əks etdirən guşə ilə tanış olub. AHİK sədri Sahib Məmmədov xatirə dəftərinə öz ürək sözlərini yazıb. Tədbirin sonunda qazilərlə birgə xatirə şəkli çəkdirilib.