










İyulun 29-da Şuşa şəhərində Türk dövlətlərin həmkarlar ittifaqlarının birgə yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqları salamlayan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, tədbirimizin Şuşa şəhərində keçirilməsinin öz rəmzi mənası var, bura xalqımız üçün müqəddəs və əziz məkandır. İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri vandalizm aktları nəticəsində dağıdıldı. Siz də işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz. Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları və birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işləri davam etdirilir. Artıq Zəngilan və Laçın sakinlərinin 30 ildən sonra öz doğma yurdlarına qayıtması ilə “Böyük qayıdış” planına start verilib. Bir sözlə, gözəl Qarabağımız, o cümlədən 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşa özünün intibah dövrünü yaşayır”. Türk dövlətləri arasında olan münasibətlərdən, əməkdaşlıq əlaqələrindən danışan AHİK sədri qardaş ölkələrin bir-birinə yaxınlaşmasında Azərbaycan dövlətinin rolunu qeyd edib. Bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhz Naxçıvan şəhərində yaradılıb: “Azərbaycanın türkdilli ölkələrlə münasibətləri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”si ilə inkişaf etməkdədir. Qardaş ölkələrin təşkilatlanması, vahid gücə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri və qətiyyəti sayəsində mümkün olub”. Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb.