Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında korporativ təlimlərin təqdimatı keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv və tabe təşkilatları üçün qurumun Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) korporativ təlimlərin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Aparat rəhbəri Həsən Cəfərov korporativ təlimlərin əhəmiyyətini vurğulayaraq, bu təşəbbüsün həm həmkarlar ittifaqları əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına, həm də AHİK-in ictimai nüfuzunun gücləndirilməsinə önəmli töhfə verdiyini bildirib.

Akademiyanın rektor vəzifəsini icra edən dosent Yusif Ağayev isə çıxışında AƏSMA-nın fəaliyyəti, tədris sistemi və inkişaf istiqamətləri barədə danışıb. Yusif Ağayev təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində son dövrdə görülən işlərdən və gələcək planlardan bəhs edib, həmçinin əlavə təhsil proqramları çərçivəsində yeni imkanlar və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

AHİK sədrinin müşaviri Nigar Vahabzadə keçirilən təlim proqramlarının önəmindən danışıb, üzv və tabe təşkilatları bu imkanlardan fəal şəkildə yararlanmağa çağırıb.

Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb.

Tədbir zamanı İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin cari il üzrə korporativ təlimlər barədə ətraflı məlumatı əks etdirən təlim paketləri iştirakçılara təqdim olunub.