Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yay mövsümündə üzvlərin istirahətinin təşkili məqsədilə daha 44 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzinə səfərini təşkil edib. İki gün davam edən istirahət proqramı çərçivəsində iştirakçılar üçün maraqlı tədbirlər planı hazırlanıb. Proqrama intellektual bilik yarışları, canlı musiqi axşamı, müxtəlif əyləncə oyunları, eləcə də şahmat və stolüstü tennis üzrə turnirlər daxil edilib. İştirakçılar həmçinin kanat yolu vasitəsilə Ağbulağın füsunkar təbiət mənzərəsini seyr etmək imkanı qazanıblar. Qeyd edək ki, yay mövsümü ərzində Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil edilən bu istirahət proqramına qatılan üzvlər yollayışın cəmi 15 faizini ödəməklə hər həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində səmərəli və mənalı şəkildə keçirmək imkanı əldə edirlər.



