“Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi” davam edir


Sentyabrın 10-da “Yay düşərgəsi”nin iştirakçıları düşərgənin ikinci günü çərçivəsində Naxçıvanın füsunkar təbiət guşələrindən biri olan Batabat yaylağına ekskursiya ediblər. Ekskursiya zamanı uşaqlar Zorbulaq adlanan ərazidə olublar, təbiətin gözəlliklərini seyr edib, təmiz dağ havasından zövq alıblar. 
Ekskursiyadan sonra iştirakçılar üçün açıq havada piknik təşkil olunub. Onlar həm ləzzətli yeməklərdən dadıblar, həm də bir-biriləri ilə ünsiyyət quraraq, kollektiv ruhda istirahət ediblər. Gündəlik proqram çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və komanda yarışları keçirilib. Düşərgənin ikinci günü də sevinc dolu anlarla yadda qalıb. 
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün 3 günlük “Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi” təşkil olunub.