Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “Duzdağ” Oteldə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil olunub. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları üzvlərinin iştirakı ilə baş tutan tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin əvvəlində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2025-ci il ərzində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə həmkarlar ittifaqlarının üzvlərini təbrik edib, bu cür tədbirlərin həmkarlar arasında birliyin, həmrəyliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb. Şura sədri çıxışında bildirib ki, yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri üçün yeni layihəyə start verilir. Layihəyə əsasən, üzvlər yollayış dəyərinin cəmi 15 faizini ödəməklə həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində istirahət etmək imkanı əldə edəcəklər. Daha sonra çıxış edənlər bayram münasibətilə təbriklərini çatdırıblar. Tədbirdə uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən, hazırda təqaüddə olan veteran həmkarların da fikirləri dinlənilib. Tədbirin gedişində səmərəli fəaliyyəti və yüksək fəallığı ilə seçilən ilk həmkarlar ittifaqı komitələrinin sədrləri mükafatlandırılıb. Həmçinin Həmkarlar İttifaqları Şurasına il ərzində könüllü dəstək göstərən fəal gənclərə təşəkkürnamələr təqdim olunub. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin Harmoniya instrumental ansamblının müşayiəti ilə musiqi və rəqs nömrələri təqdim edilib.



