Ulu Öndərin doğum gününə həsr olunmuş “Məclisi - Yüksəliş” tədbiri təşkil olunub


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yüksəliş” müsabiqəsi tərəfindən təşkil olunan “Məclisi-Yüksəliş” tədbiri baş tutub.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Sahib Məmmədov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin qalibləri və İşçi Qrupunun üzvləri iştirak ediblər.

Tədbirin ilk günü Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “İz” sənədli filminin nümayişi olub.

İki gün davam edən tədbir çərçivəsində iştirakçılar müxtəlif görüşlərdə, interaktiv tapşırıqlarda və mədəni proqramlarda bir araya gəliblər. Proqram müddətində Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Respublikasının keçmiş Baş naziri və keçmiş xarici işlər naziri Həsən Həsənov, Xalq şairi Ramiz Rövşən və “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov ilə görüşlər keçirilib. Görüşlər zamanı qonaqlar iştirakçılarla zəngin peşəkar təcrübələrini, liderlik, milli dəyərlər, mədəni irs və komanda ruhu ilə bağlı fikirlərini bölüşüblər. 

Tədbirin mədəni proqramında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Aqil Məlikov və muğam triosunun ifasında muğam axşamı qonaqlara təqdim olunub.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.