Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, AHİK-in Aparat rəhbəri Ayaz Əliyev, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, habelə hər üç qurumdan əməkdaşlar iştirak ediblər.

Tədbirdə ölkəmizdə sosial islahatlar çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan addımlardan bəhs olunub. Aparılan sosial islahatlar prosesində, eləcə də yeni qanunvericilik layihələrinin, əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair təkliflərin hazırlanmasında, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiyasında sosial tərəfdaşlıq müstəvisində həyata keçirilən birgə işlərin əhəmiyyəti qeyd edilib.

İclasda “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün əhəmiyyəti vurğulanıb, onların layihədə iştirakının təşviqi, BƏT-in 2006-cı il tarixli “Dənizdə əməyə dair” Konvensiyasının ratifikasiya imkanları, eyni zamanda qeyri-formal əmək münasibətlərinin qarşısının alınması istiqamətində birgə nəzarət mexanizmləri müzakirə edilib. Tədbirdə həmçinin 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişə uyğun olaraq, Üçtərəfli Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi və gənclərin əmək bazarına inteqrasiyasının genişləndirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.