Qırğızıstanın paytaxtı Bişkekdə “Təhlükəsiz və layiqli əmək şəraiti: işçilərin əmək və sosial hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda beynəlxalq forum keçirilib. Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan və Moldovanın həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də BƏT-in İşçilərin Fəaliyyəti Bürosunun ekspertləri iştirak ediblər. Forum çərçivəsində əməyin mühafizəsi sahəsində müasir çağırışlar, işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması, əmək hüquqlarının təmin edilməsi, sosial dialoqun inkişaf etdirilməsi və həmkarlar ittifaqlarının bu istiqamətlərdə rolu ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin direktoru Ruslan Bağırov çıxış edib. O, Azərbaycanda işçilərin əmək, sosial və iqtisadi hüquqlarının qorunması, təhlükəsiz və layiqli əmək şəraitinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Forumda iştirakçı ölkələrin təcrübələri təqdim olunub, əməyin mühafizəsi və işçilərin hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Həmçinin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi və birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.



