Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Mentorluq Proqramı çərçivəsində V “Yüksəliş” müsabiqəsinin qalibi Qoşqar Daşdıyevlə növbəti görüş keçirib. Qoşqar Daşdıyev “Kurort” QSC, “Abşeron” Sağlamlıq və İstirahət Mərkəzi, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzində keçirdiyi görüşlər, həmin qurumların fəaliyyəti ilə bağlı müşahidələri və əldə etdiyi təcrübə barədə məlumat verib. Görüşdə idarəçilik təcrübəsinin bölüşülməsi, yeni yanaşmaların nəzərdən keçirilməsi və müsabiqə qalibinin fərdi inkişaf istiqamətləri, rəqəmsal xidmətlərin inkişafı, müasir texnologiyaların idarəetmə proseslərinə inteqrasiyası və süni intellekt həllərindən istifadə imkanları barədə fikir mübadiləsi aparılıb, yeni görüşlərin təşkili və təcrübə mübadiləsinin davam etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.



