Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi ilə əməkdaşlıq istiqamətlərinin müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilib. Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Fuad Ələkbərov qonaqlarla görüşdə ölkəmizdə əmək hüquqlarının müdafiəsi, layiqli və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində görülən işlər, Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, institusional yeniliklər, rəqəmsallaşma və elektron xidmətlər, həmçinin rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Görüşdə tərəflər arasında əlaqələrin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının nümayəndə heyəti “Holcim-Azərbaycan” ASC, “AZWOOL” mineral daş yunu zavodu və “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksində istehsalat prosesi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, işçilərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində təcrübə ilə tanış olublar. Qonaqlar “Abşeron” Sağlamlıq və İstirahət Mərkəzində yaradılan şəraitlə də maraqlanıblar. Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının nümayəndə heyəti həmçinin Heydər Əliyev Mərkəzini və Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu da ziyarət ediblər. Nümayəndə heyəti səmərəli əməkdaşlığa görə təşəkkür edib, səfərin tərəflər arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq üçün yeni imkanların yaradılmasına töhfə verəcəyini bildiriblər.



