Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları PARŞ-ın Qadınlar və Gənclər komitələrinə seçiliblər


Bolqarıstanın paytaxtı Sofiya şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) Qadınlar konfransı keçirilib.

Tədbirdə PARŞ-a üzv həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda qadınların həmkarlar ittifaqlarında iştirakının genişləndirilməsi, əmək münasibətlərində gender bərabərliyi və bu istiqamətdə həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində keçirilən səsvermə nəticəsində PARŞ-ın Qadınlar komitəsinin yeni tərkibi müəyyənləşdirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Səbinə Manafova komitənin üzvü seçilib.

PARŞ-ın “Dəyişikliklər dövründə gənc işçilər” mövzusunda keçirilən IX Gənclər konfransında isə əmək bazarında baş verən dəyişikliklərin gənc işçilərə təsiri, onların əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məsələləri müzakirə olunub.

Tədbirdə həmçinin PARŞ-ın Gənclər komitəsinin yeni tərkibi də formalaşdırılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Ülviyyə Rəsulzadə komitənin vitse-prezidenti seçilib.