Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində həmkarlar ittifaqları üzvləri üçün növbəti ödənişsiz hüquqi yardım tədbiri keçirilib. Əvvəlcə iştirakçılara həmkarlar ittifaqları tərəfindən əmək və sosial-iqtisadi hüquqların müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib, Konfederasiyanın fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Sonra Vəkillər Kollegiyasının üzvləri iştirakçıların müraciətlərini dinləyərək onları maraqlandıran hüquqi məsələlərə aydınlıq gətirib, qanunvericiliyin müvafiq tələblərini izah edib və fərdi qaydada peşəkar hüquqi məsləhətlər veriblər. Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində həyata keçirilir. Layihə həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsini gücləndirməyə, onların hüquqi biliklərini artırmağa və keyfiyyətli hüquqi yardıma çıxışını asanlaşdırmağa xidmət edir.



