








Dekabrın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) dövlətimizin başçısı cənab İlham Əliyevin Ad Günü, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə respublikanın regionlarında yaşayan 4 300 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1 250 ailəyə də bayram sovqatı veriləcək. Bununla da AHİK-in 2020-ci ildən indiyə kimi yardım göstərdiyi ailələrin sayı 70 mini ötüb. Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər. Qeyd edək ki, yola salma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev də iştirak ediblər.