

Azərbaycan idmançısı Əmrah Nağıyev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sponsorluğu ilə Dünya Atletika Birliyi tərəfindən “Elite Label” kateqoriyasına salınan V Beynəlxalq Mersin Marafonunda iştirak edib. Yarışa 25 ölkədən 1696 idmançı qatılıb. Əmrah Nağıyev 10 km məsafə üzrə yarışıb. İdmançı məsafəni 35 dəqiqə 48 saniyəyə qət edib. Bu göstərici ilə kişilər arasında 15-ci olan Ə.Nağıyev marafonun medalına layiq görülüb. Qeyd edək ki, gənc idmançı noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına maliyyə dəstəyi ilə bağlı müraciət edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin tapşırığına əsasən gənc atletin bütün xərcləri şura tərəfindən ödənilib.