










Dekabrın 30-da Naxçıvan şəhərindəki Duzdağ oteldə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2023-cü ilin təhsil yekunlarına dair mükafatlandırma tədbiri keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdıran Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli geridə qoyduğumuz ili ölkəmiz üçün əlamətdar il kimi dəyərləndirib. Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Elxan Nəcəfov çıxış edərək təhsil sahəsində son 3 ayın statistikasını və 2024-cü ildə qarşıda duran əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev təhsil sahəsinin inkişafının, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının, cəmiyyətdə müəllimin nüfuzunun daha da artırılmasının daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib, Təhsil Nazirliyi ilə birgə il ərzində keçirilən tədbirlər barədə məlumat verib. Sonra mükafatlandırma mərasimi olub. Səlahiyyətli nümayəndə Fuad Nəcəfli ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəhid valideynlərinə mükafatları təqdim edib, onlarla xatirə fotosu çəkdirib. Tədbirdə Təhsil Nazirliyinin və təhsil şöbələrinin bir qrup əməkdaşına, eləcə də səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənən müəllimlərə, o cümlədən məktəblərdə hərbi rəhbər vəzifəsində çalışan qazilərə də mükafatlar təqdim edilib. Həmçinin təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə bir sıra təhsil işçisi “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.