Moskvada ÜHİK-nın Qurultayı keçirilib


Dekabrın 12-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) X Qurultayı keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının və ÜHİK-nın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyəti tədbirdə iştirak edib.
Qurultayda çıxış edən Səttar Möhbalıyev ÜHİK-nın işçilərin sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsi, müxtəlif mövzularda seminar və iclasların təşkili, sosial-iqtisadi vəziyyətin təhlili istiqamətində gördüyü işləri, qəbul etdiyi qərarları və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
Çıxışların və aparılan müzakirələrin ardından gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Həmçinin Qurultayda ÜHİK-nın yeni rəhbərliyi və tərkibi formalaşıb. Viktor Pinskiy ÜHİK-nın Baş katibi seçilib. AHİK sədri Səttar Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti olub. Eləcə də AHİK sədrinin müavini Aqil Dadaşov və AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov Şura üzvü seçiliblər.
Yenidən vitse-prezident seçilməsi ilə əlaqədar ona etimad göstərənlərə minnətdarlığını çatdıran Səttar Möhbalıyev həmçinin yeni rəhbərliyi təbrik edib, qurumun fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.