

Yanvarın 21- də Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri Cəlilov Sahil Oqtay oğlu və Zamanlı Məmməd Rəhman oğlunun ailələrini ziyarət ediblər. Görüş zamanı qəhrəman şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan bəhs olunub. Onların əziz xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, Şəhid Sahil Cəlilov 17 may 1998-ci ildə Şərur rayonunun Dərvişlər kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə baş kəşfiyyatçı olaraq vuruşub. Sahil Cəlilov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sahil Oqtay oğlu Cəlilov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin, Fizulinin, Şuşanın azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Şəhid Məmməd Zamanlı isə 1998-ci il avqustun 3-də Şərur rayonunun Püsyan kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Vətən uğrunda", " Füzulinin azad olunmasına görə", medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Allah bütün Şəhidlərimizə rəhmət etsin !